Mayın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Açıq qapı” günü keçirilib. Məqsəd ümumtəhsil məktəblərinin buraxılış siniflərinin şagirdlərinin filialda tədris prosesi, mövcud şöbə və bölmələrin işi ilə yaxından tanış olmalarını təmin etmək və qəbul aparılacaq ixtisaslar haqqında məlumat vermək olub. Şəkinin ümumtəhsil məktəblərinin şagirdləri filialda olublar. Əvvəlcə filialın direktoru dos. Vurğun Məmmədov şagirdlərlə görüşüb, onlara təhsildə uğurlar arzulayıb və 30 ildən çox fəaliyyət göstərən filialda zəngin ənənələrin olduğunu, güclü kadr potensialının mövcudluğunu, təhsil almaq üçün gənclərə əlverişli mühit yaradıldığını diqqətə çatdırıb. Sonra akt zalında davam edən görüşdə filialın tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri professor Firədun İbrahimov, Karyera mərkəzinin müdiri Xuraman Həmidova şagirdlərə filialın struktur və bölmələri, qəbul aparılan ixtisaslar, filialda tələbələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər və tələbə təşkilatları barədə əhatəli məlumat veriblər. Daha sonra şagirdlər filialın ayrı-ayrı struktur bölmələrində və auditoriyalarda olublar. Onlara canlı iş və tədris prosesi ilə tanış olmaq üçün şərait yaradılıb.