Mayın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Kitab karvanı” layihəsi çərçivəsində yarmarka təşkil olunub. Yarmarkanın təşkilində məqsəd filialda təhsil alan gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində onlarda mütaliəyə həvəs oyatmaq, dünya və Azərbaycan ədəbiyyatından olan maraqlı əsərləri sərgidə nümayiş etdirmək olub. Layihə rəhbəri Rafil Əşrəflinin iştirakı və filialın Karyera mərkəzinin təşkilatçılığı ilə açıq havada təşkil olunan yarmarka müəllim və tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, səhər saatlarından təşkil olunan yarmarkaya 2500-dən çox kitab çıxarılıb və yarmarka saat 16:00-dək davam edib.