- Details
- Dərc edilib: 22 May 2024
- Oxunma sayı: 3597
22 may 2024-cü il tarixdə ADPU-nun Şəki filialında “Selektiv Abortlar Təhlükəsiz Reproduktiv Davranışa Təhdiddir” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Vurğun Məmmədov qeyd edib ki, müasir dövrdə davamlı insan inkişafına əngəl olan narkomaniya, insan alveri, alkoqolizm, ailə-məişət zorakılıqları, intiharla yanaşı, uşaqların doğulanadək cinsinin təyin edilməsi nəticəsində qız uşaqlarının həyatdan məhrum edilməsi də çox ciddi və qeyri-humanist əməllərdən biridir. Respublikamızda artan bu tendensiyanın qarşısının alınması məqsədilə 2020-ci ildə 2020-2025-ci illəri əhatə edən “Dövlət Proqramı” və “Fəaliyyət Planı” təsdiq edilib.
Konfransda filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev “Kişi və qadınların reproduktiv davranışı və analığa sosial-psixoloji hazırlıq” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, ailə quran gənclərin bir qismində ailə planlaşdırılması və reproduktiv davranışlar elmi əsaslara söykənmədiyindən, cinsi seçimə görə qız uşaqlarının abort edilməsi hallarına yol verilir və bu, mənəvi, dini və hüquqi baxımdan doğru olmayan yanaşmadır. Təkcə 2023-cü ildə Azərbaycanda 73816 abort faktı qeydə alınıb ki, bunun da əksəriyyəti məhz cinsi seçimlə bağlıdır.
Daha sonra konfransda Şəki Rayon Mərkəzi Xəstəxanasının həkimi Sevinc Əmrahova “Reproduktiv sağlamlıq və arzuedilməz hamiləlikdən qorunma yolları”, filialın baş müəllimi Səadət Feyzullayeva “Ana və uşaqların sağlamlığı davamlı inkişafın prioritetlərindən biri kimi” mövzularında təqdimatlarla çıxış ediblər.
Konfransda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, tələbələrin sualları cavablandırılıb.