ADPU-nun Şəki filialında Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti psixoloji seminar təşkil olunub. Seminarda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri Kəmalə Ramazanova və tələbələr iştirak ediblər. “Perfeksionizm” mövzusuna həsr olunmuş seminarda “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının ikinci tədris ili tələbəsi Samirə Salahovanın təqdimatında hədsiz mükəmməlliyin (perfeksionizm) yaranma səbəblərindən bəhs edilib. Tələbə eyni zamanda perfeksionizmin şəxsin davranışlarına, münasibətlərinə göstərdiyi mənfi təsirlər və onlardan xilas olmağın yolları haqqında da məlumat verib. Mövzu maraqlı müzakirəyə səbəb olub. Seminar iştirakçıları öz münasibətlərində, fəaliyyətlərində özünü göstərən bu cür hallar haqqında fikirlərini bölüşüblər. Sonda GPB rəhbəri baş müəllim Kəmalə Ramazanova təqdimatçı tələbəyə dolğun, elmi məlumatlara əsaslanan araşdırmaların əks olunduğu seminar təşkil etdiyinə görə minnətdarlığını bildirib.