- Details
- Dərc edilib: 27 Sentyabr 2024
- Oxunma sayı: 1325
Sentyabrın 27-də ölkəmizin hər yerində olduğu kimi, Şəkidə də Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Şəki Şəhər İcra Hakiməyyətinin başçısı Elxan Usubov, aparat üzvləri, hüquq-mühafizə orqanları, şəhər əhalisi, müxtəlif idarə və təşkilatların əməkdaşları, o cümlədən ADPU-nun Şəki filialının rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Öncə Şəhidlərin məzarları ziyarət edilib, tər gül-çiçək dəstələri düzülüb.
Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə davam edən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək bildirib ki, 27 sentyabr Azərbaycan tarixinə ən sərəfli günlərdən biri kimi həkk olunub. Həmin gün mənfur qonşularımızın Azərbaycan ordusuna qarşı törətdikləri təxribat 44 günlük Vətən müharibəsinin başlanmasına səbəb olub və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızın azadlığı uğrunda muharibəyə başlayıb. Qeyd olunub ki, Azərbaycan ordusu və xalqımız öz rəhbərinin ətrafında dəmir yumruq kimi birləşərək, bütün dünyaya öz gücünü göstərib və böyük qələbəni qazanıb. Natiq bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin xalqımız üçün son dərəcə əziz olduğunu, onların adlarının həmişə uca tutulacağını diqqətə çatdırıb.
Tədbirdə şəhid anası Gülnarə Mustafayeva çıxış edərək, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb və dövlət başçısına, Şəki şəhər rəhbərliyinə şəhid anaları adından təşəkkürünü bildirib. Tədbirdə çıxış edənlər torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş rəşadətli Vətən övladlarının döyüş yolunun, onların qəhrəmanlığının gələcək nəsillərə həmişə örnək olacağını bildiriblər.
Tədbirdə şəhid övladlarının ifasında müxtəlif şeirlər səsləndirilib.
Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.