Dəyərli həmkarlarım, əziz müəllimlər,
5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür. Bu münasibətlə ölkəmizin çoxsaylı müəllim ordusunu ürəkdən təbrik edir, işlərində və həyatda uğurlar arzulayıram.
Bu bayram hazırda dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Bu da təsadüfi deyil. Çünki müəllim bütün dövrlərdə cəmiyyətin əsas aparıcı qüvvəsi olmuş, sağlam ruhlu insanların yetişməsində əvəzsiz rol oynamışdır. Elə buna görə də bu gün müəllimlər cəmiyyətimizin aparıcı simalarından olub, xüsusi nüfuz sahibidirlər.
Ümummilli lider Heydər Əliyev müəllim peşəsini yüksək qiymətləndirərək deyirdi: “Mən yer üzündə müəllim adından yüksək ad tanımıram. Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi?”
Dövlətimiz milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına həmişə xüsusi diqqət və qayğı göstərmişdir. Son illərdə ölkədə həyata keçirilən islahatlar, qəbul edilən dövlət proqramları da təhsilimizin inkişafı ilə yanaşı, müəllim nüfuzunun daha da artmasına, sosial vəziyyətinin yaxşılaşmasına müsbət təkan vermişdir.
Qocaman ali təhsil ocağı olan, pedaqoji kadrların hazırlanmasında flaqman rolunu oynayan Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 illik fəaliyyəti dövründə yetişdirdiyi yüksək ixtisaslı kadrları ilə təhsilimizin və ümumilikdə cəmiyyətin inkişafında müstəsna rol oynamışdır. Son illər bu ali təhsil ocağında həyata keçirilən islahatlar, dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu universitetləri ilə sıx əməkdaşlıq bu peşəyə marağın daha da artmasına səbəb olmuşdur. Bu ali təhsil ocağının bir parçası olaraq, Şəki filialının müəllimləri də öz fədakarlıqlarını əsirgəmir, pedaqoji kadların hazırlanmasına öz töhfələrini verirlər.
Əziz müəllimlər, inanıram ki, gələcək fəaliyyətinizdə də bu ali missiyanı ləyaqətlə yerinə yetirəcək, Azərbaycanımızın işıqlı gələcəyi naminə əlinizdən gələni əsirgəməyəcəksiniz.
Bir daha bayramınızı təbrik edir, çətin və şərəfli işinizdə uğurlar arzulayıram.





001002003
fondeduadpubir

VKkj