https://disk.yandex.com/i/C_vWHq3nOtt9rQ

HEYDƏR ƏLİYEV – MÜSTƏQİL AZƏRBAYCANIN QURUCUSUDUR

Məhərrəmov Tahir Məhərrəm oğlu
baş müəllim
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı

XX-XXI ərlərin qovşağında Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq, müstəqil bir dövlət kimi formalaşması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsi, uğurlu siyasi fəaliyyətinin bəhrəsidir. Ulu Öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirdi.
Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, Azərbaycanın xilasının önəmli bir mərhələsi Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrə təsadüf edir. Onun 30 ildən artıq rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyətdə gərginlik və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1993-cü ilin yayında isə ölkədə vətəndaş müharibəsi təhlükəsi yarandı, kriminogen vəziyyət son həddə çatdı.
Məişət səviyyəsində kriminogen vəziyyət o həddə çatmışdı ki, Bakı küçələrində, eləcə də rayonlarda heç kimə tabe olmayan əlisilahlı qruplar istədikləri adamı cəzalandıra bilirdilər.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yeni-yeni ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək, Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəliş etməklə Azərbaycana ABŞ-ın birbaşa yardımını qadağan etdi. Bu düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi göstərilirdi.
AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq qonşu ölkələrlə münasibətlər gərginləşmişdi. Gürcüstanda Zviad Qamsaxurdiya faktiki olaraq azərbaycanlıların etnik təmizləmə siyasətini yürüdürdü ki, bir milyondan artıq qaçqını olan ölkəyə əlavə olaraq həmin ölkədən də azərbaycanlıların böyük axını başlanmışdı. Cənubi Azərbaycan məsələsi ilə bağlı o zamankı rəhbərliyin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq İranla münasibətlər son dərəcə gərginləşmiş və həmin ölkənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Ermənistanın xeyrinə dəyişmişdi. Xalqın gözü tərəzidir. Burada Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdəki fəaliyyətinə diqqət yönəltmək yerinə düşər. H.Əliyevin təşəbbüskarlığı, dövləti idarəetmə bacarığı, siyasi təcrübəsi, ilk növbədə, doğma vətəninə sonsuz məhəbbəti və sadiqliyi sayəsində Azərbaycanda iqtisadi, siyasi, mədəni və mənəvi sahələrdə misli görünməmiş irəliləyişlər baş verdi. Min kvadrat metrlərlə yeni mənzillər, iri sənaye müəssisələri, kənd təsərrüfatı obyektləri istifadəyə verildi.
Əhalinin yaşayış səviyyəsi yüksəldi. Ədəbiyyat, incəsənət xadimlərinə diqqət və qayğı artırıldı, onlara SSRİ-nin yüksək mükafatları, fəxti adlar verildi. Ölkədə ali, orta ixtisas, texniki peşə məktəblərinin sayı və şəbəkəsi artırıldı. Böyük Azərbaycan şairi H.Cavidin qəbri Naxçıvana gətirildi, Şuşada M.P.Vaqifin məqbərəsi inşa edildi. Azərbaycan dilinin 1977-ci ildə qəbul edilmiş, Konstitusiyada dövlət dili kimi təsbit edilməsi həmin dövrdə həyata keçirilən mühüm bir tarixi hadisə idi.
Yüksək keyfiyyətləri ilə o zamankı SSRİ-yə daxil olan respublikaların rəhbərlərindən fərqlənən Heydər Əliyev irəli çəkilərək SSRİ Nazirlər sovetinin sədrinin I müavini vəzifəsinə təyin edilmişdi. 1982-1987-ci illərdə bu yüksək vəzifədə çalışan Ulu Öndər öz doğma vətənini bir an belə unutmadı, onun rifahı və yüksəlişi ilə bağlı əlindən gələni əsirgəmədi.
Müstəqilliyinin ilk illərində ağır sınaqlar qarşısında qalan ölkəmizə uzaqgörən, vətəninə bağlı, xalqını sonsuz məhəbbətlə sevən, xilaskar bir rəhbər lazım idi. Məhz xalqın təkidli tələbi ilə dünya şöhrətli siyasi xadim olan Heydər Əliyev 1993-cü ilin 15 iyununda öz ana vətəni Azərbaycana ikinci dəfə rəhbərliyə qayıtdı. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Ulu Öndərin 1993-cü ildə Azərbaycana rəhbərliyə qayıdışı ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Onun həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, ölkənin milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, nəticədə, 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən Bişkek protokolu ilə atəşkəsə nail olunmuşdur. (2)
Bu tədbirləri gözü götürməyən qüvvələr 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişi cəhdləri etdilər. Lakin Ulu Öndərin zərgər dəqiqliyi ilə və qətiyyətlə irəli sürdüyü siyasət sayəsində dövlət müstəqilliyimiz qorunub saxlandı. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi 1995-ci ilin noyabr ayının 12-də böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil respublikamızın qəbul etdiyi ilk konstitusiyamız təşkil edirdi. Ondan sonrakı dövrdə də Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi Ulu Öndərin adı ilə bağlıdır. Onun Azərbaycana qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dünya azərbaycanlılarının həmrəyliyi, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur.
H.Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin və məqsədyönlü fəaliyyət göstərmişdir. Ona görə də o, bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi böyük şöhrət qazanmışdır.
Hələ Naxçıvan Ali Məclisinə rəhbərlik edən zaman Heydər Əliyev Türkiyə Respublikası ilə işgüzar əlaqələr yaratmış, bir sıra müqavilələr bağlamışdı. O dövrdə də, SSRİ dövründə də Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan Respublikaları ilə sıx əlaqə yaradılmış, türk respublikalarının birliyi naminə tədbirlər işlənib həyata keçirilmişdir.
Azərbaycançılıq ideyası Ulu Öndərin fəaliyyətində, həyatında ən mühüm məsələlərdən biri olmuş və müstəqillik dövründə dünya azərbaycanlılarının Bakıda keçirilmiş qurultayı, hər ilin 31 dekabrının Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi onun uzaqgörənliyinin, dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlıların birliyinin, həmrəyliyinin yaradılmasının əyani və bariz nümunəsidir.
1994-cü ilin sentyabr ayının 20-də imzalanmış və mərhələ-mərhələ reallaşdırılan “Əsrin müqaviləsi” - milli neft strategiyası ölkəmizə böyük siyasi və iqtisadi dividentlər gətirir. Ölkənin strateji əhəmiyyətli sahələrinin inkişafına, bütün sahələrdə genişmiqyaslı islahatların aparılmasına geniş imkanlar açılmışdır. Hazırda Azərbaycanda bu möhtəşəm strategiyanın real nəticələri parlaq şəkildə özünü göstərir. “Əsrin müqaviləsi” çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft boru kəməri Azərbaycanı inkişaf etmiş qərb ölkələri ilə daha çox birləşdirir.
Respublikamız bütün insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. 1998-ci ildən ölüm hökmü tamamilə ləğv edilmiş, bununla da Azərbaycan şərqdə bu qətiyyətli və tarixi qərarı qəbul edən ilk ölkə olmuşdur. Yüksək humanizmə söykənən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltmiş və 2001-ci ilin 25 yanvarında müstəqil ölkəmiz Avropa Şurası kimi mötəbər, beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir.
Xalqını sevən, onu məhv olmaqdan xilas edən, xalqın sevimlisinə çevrilən bu dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısında ən böyük və tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, sürətli inkişaf yoluna qədəm qoymuş ölkəmizi cəsarətlə idarə etməyə qadir olan layiqli davamçısını hazırlamışdır. Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli proqmatik lider İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan irəliyə doğru inamla addımlayır. Torpaqlarımızın azad edilməsində çox böyük və müstəsna rolu olan cənab Prezident dünya standartlarına cavab verən, tamamilə yeniləşmiş bir ölkə sərgiləyə bilmiş, Ali Baş Komandan kimi 44 günlük müharibə dövründə yüksək taktiki məharət göstərmək qabiliyyətinə malik sərkərdə kimi böyük şöhrət qazanmışdır.
Ulu Öndər hər daim qürurla deyərdi: “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”.
Bu gün Azərbaycan xalqı da yetişdirdiyi bu dünya şöhrətli şəxsiyyəti ilə fəxr edir. Qəlbi həmişə Azərbaycanla döyünən Ulu Öndərin ideya-nəzəri irsi daim öyrəniləcək, parlaq xatitəsi illər, qərinələr və əsrlər boyu daim anılacaq və seviləcəkdir.

 

 

 

 





001002003
fondeduadpubir

VKkj