- Details
- Dərc edilib: 07 Yanvar 2025
- Oxunma sayı: 479
Yanvarın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Keyfiyyət komissiyasının növbəti iclası keçirilib. İclasda filialın rəhbərliyi və komissiya üzvləri iştirak ediblər. İclasda komissiyanın illik fəaliyyətinin hesabatı, əmək bazarı və maraqlı tərəflərin nümayəndələri arasında keçiriləcək sorğu, tədris-inzibati və köməkçi heyətin reytinq qiymətləndirməsini həyata keçirmək üçün meyarların hazırlanması, tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə aparılan monitorinqlərin mexanizminin təkmilləşdirilməsi kimi məsələlər müzakirə olunub. Əvvəlcə komissiyanın sədri dosent Gülarə Abdullayeva illik fəaliyyətə dair hesabat məruzəsi ilə çıxış edib. Məruzə ətrafında müzakirə aparıldıqdan sonra sədr əmək bazarının araşdırılması ilə bağlı hazırlanmış sorğunun meyarları haqda ətraflı məlumat verib və bununla bağlı məsələlər komissiya üzvləri ilə müzakirə olunaraq sorğunun müvafiq dövlət qurumlarına yönləndirilməsi nəzərdə tutulub. Qeyd edək ki, sorğunun filialda qeyri-pedaqoji profilli yeni ixtisasların açılması məqsədilə həyata keçirilməsi planlaşdırılır. Məsələ ilə bağlı filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri professor Firədun İbrahimov, Ümumelmi fənlər kafedrasının müdiri dosent Sədrəddin Bədiyev, komissiyanın digər üzvləri - Qoxmuq kənd tam orta məktəbinin direktoru Bəkir Xəlilov və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Şəmsiyyə İlham öz fikirlərini bildiriblər. Üçüncü məsələ ilə bağlı filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri baş müəllim Nərminə Nəsrullayeva, İnsan resursları və ümumi şöbənin müdiri Gülnar Kərimova, direktor müşaviri riyaziyyat üzrə elmlər doktoru dosent Rafiq Rasulov öz təkliflərini səsləndiriblər. İclasda filialda həyata keçirilən monitorinqlərin mexanizminin təkmilləşdirilməsi məqsədilə tərtib olunmuş monitorinq strategiyasının layihəsi komissiya üzvlərinin müzakirəsinə təqdim olunub. Müzakirə edilən bütün məsələlərə dair müvafiq qərarlar qəbul edilib.