- Details
- Dərc edilib: 07 May 2024
- Oxunma sayı: 3821
08 may 2024-cü il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şəki filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Ətraf Mühit” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Respublikanın “Əməkdar Müəllim”i Mahirə xanım Hüseynova (Mahirə Nağıqızı), filologiya fakültəsinin dekanı, dosent Könül xanım Həsənova, ADPU-nun Təlim-Tədris Mərkəzinin əməkdaşları, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, professor Pərvanə xanım İsayeva, Şəki şəhərindəki təhsil müəssisələrinin rəhbərləri, şəhər ziyalıları, ADPU-nun Şəki filialının professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər.
Konfransdan öncə tədbir iştirakçıları Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında qoyulmuş Ulu Öndərin abidəsini ziyarət edib, gül dəstələri qoyublar.
ADPU-nun Şəki filialının Akt zalında işini davam etdirən konfransda filialın direktoru, dosent Vurğun Məmmədov iştirakçıları salamlayıb, konfransa qatıldıqlarına görə onlara təşəkkür edib. Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və öləkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Mahirə xanım Hüseynova “Heydər Əliyev və strateji Azərbaycançılıq” mövzusunda geniş məruzə ilə çıxış edib. Natiq çıxışında Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında tarixi xidmətlərindən, ölkənin ictimai-iqtisadi, siyasi və mədəni həyatında əzmkarlıqla apardığı quruculuq işlərindən və islahatlardan, bu siyasi xəttin cənab Prezident İlham Əliyev tərəfindən sədaqətlə, dönmədən, qətiyyətlə və uğurla davam etdirilməsindən bəhs edib.
“Heydər Əliyevin ekoloji siyasəti (çağdaş dünyanın müasir çağırışları kontekstində)” adlı məruzə ilə çıxış edən ADPU-nun Şəki filialının direktoru, dosent Vurğun Məmmədov bildirib ki, müasir Azərbaycanın 1969-cu ildən 2003-cü ilədək tarixi dönəmi dünya şöhrətli ictimai-siyasi xadim, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin şəxsiyyəti ilə bağlıdır. Onun ölkəyə rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi, ekoloji siyasət sahəsində də möhtəşəm tədbirlər həyata keçirilib, davamlı ekoloji siyasət konsepsiyası işlənilib hazırlanıb, bu sahədə struktur islahatları aparılıb, 2001-ci ildə “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” adlı yeni dövlət qurumu yaradılıb.
Konfransda “Ümummilli Lider Heydər Əliyevin ekoloji siyasət konsepsiyasının prioritetləri” mövzusunda təqdimatla çıxış edən filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev əsas diqqəti Ulu öndərin ekoloji siyasət konsepsiyasının prioritetlərinə yönəldib və qeyd edib ki, bu konsepsiya ətraf mühitin mühafizəsi, ekosistemin qorunması və artırılması, təbii ehtiyyatlardan indiki və gələcək nəsillərin rifahı naminə səmərəli istifadə olunması əsas prioritetlər olub. Məruzəçi ölkənin hazırkı ekoloji durumuna toxunaraq qeyd edib ki, Azərbaycan zəngin flora və faunaya, 9 iqlim tipinə, füsünkar təbiətə malik unikal bir coğrafi məkandır.
Konfransda çıxış edən filialın Humanitar fənlər kafedrasının baş müəllimi Rasimə Bəkirova “Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ətraf mühitin qorunması və sağlamlaşdırılması istiqamətində tarixi rolu”ndan, AMEA-nın Ədəbiyyat İnstitutunun professoru Pərvanə İsayeva “Azərbaycanda ekoloji sabitliyin qorunub saxlanmasında Heydər Əliyevin xidmətləri”ndən bəhs ediblər.
Konfransı yekun nitqi ilə başa vuran professor, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə xanım Hüseynova Ulu öndərin əziz xatirəsinə həsr olunmuş bugünki elmi-praktik konfransın yüksək səviyyədə təşkilindən bəhs edib, gələcəkdə də belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Konfransda Şəki şəhər 4 nömrəli Musiqi məktəbinin bədii kollektivinin və ADPU-nun Şəki filialının tələbələrinin ifasında Ulu öndər Heydər Əliyevə və doğma yurda aid ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, nəğməkar şair Mahirə Nağıqızının şeirləri və sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.