Oktyabrın 04-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 5 Oktyabr - Müəllimlər Gününə həsr olunmuş "Təhsilimizin qəhrəmanları - əziz müəllimlərimiz" adlı tədbir keçirilib. Filialın Tələbə Həmkarlar Təşkilatının sədri, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Günel Əliyevanın rəhbərliyi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsi sükutla yad edilib.
Tədbirdə filialın direktor müşaviri, dosent Rafiq Rasulov, tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, professor Firədun İbrahimov, Tələbə Həmkarlar Təşkilatının sədri baş müəllim Günel Əliyeva, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, p.ü.f.d. Kifayət Şirinova çıxış edərək, müəllimin cəmiyyətdə oynadığı roldan, ictimai fəaliyyətin bütün sahələrində çalışan insanların yetişməsində, bütövlükdə şəxsiyyətin formalaşmasında müəllimin əvəzsiz əməyindən söhbət açıblar. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan yüzlərlə müəllim hamıya vətənpərvərliyin əyani nümunəsi olmaqla yaddaşlara əbədi həkk olunub.
Sonra tədbir bədii proqramla davam edib.
Filialın müxtəlif ixtisaslarında təhsil alan tələbələr - Nigar Məmmədli, Fidan Yusifova, Nuranə Əlizadə, Xədicə Abdurahmanlı, Şəfiqə Rüstəmli, Rüfət Əliyev, Elvin Quliyev, Rəvan Balammədov və başqalarının ifasında müəllimlərə həsr olunmuş şeirlər və mahnılar səslənib, “Mənim qəhrəmanım - dəyərli müəllimim" adlı səhnəcik təqdim olunub.
Tədbirin sonunda tələbələrin müəllimləri ilə olan ən xoş xatirələrindən və filial məzunlarının öz müəllimlərinə bayram təbrikindən ibarət videoçarxlar təqdim olunub.