31 mart 2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “31 mart Azərbaycan türklərinin soyqırımı günüdür” mövzusunda elmi nəzəri konfrans keçirilib. Konfransda ADPU-nun Şəki filialının direktoru dos. Rafiq Rasulov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Konfransı giriş sözü ilə açan filialın direktoru dos. Rafiq Rasulov mənfur ermənilərin gələcəkdə Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” adlı dövlət yaratmaq arzularını həyata keçirmək üçün zaman-zaman xalqımıza qarşı yürütdükləri iyrənc siyasətdən, törətdikləri qırğın və soyqırımdan söhbət açıb və bildirib ki, 31 mart soyqırımı bu vəhşiliklərin ən dəhşətlisidir. Bu dəhşətli hadisəyə hüquqi-siyasi qiymətin yalnız Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra verildiyini vurğulayan natiq bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən, 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur.
Konfransda ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Vüsal Baxışovun “XX əsrdə türklərə qarşı həyata keçirilmiş soyqırımların coğrafiyası, məqsəd və hədəfləri”, kafedranın baş müəllimlərindən Həbibullah Manaflnın “Azərbaycan xalqına qarşı törədilən 31 mart soyqırımı erməni terorizminin təzahür halıdır”, Tahir Məhərrəmovun “31 mart soyqırımı Azərbaycan türklərinə münasibətdə həyata keçirilən etnik təmizləmə” adlı məruzə və çıxışları dinlənilib. Çıxış edən natiqlər bu qanlı hadisənin tarixi kökləri, xalqımızın başına gətirilən dəhşətli cinayətin vurduğu ziyan və itkilər haqqında ətraflı məlumat verib, dövlətimizin soyqırım hadisəsinin beynəlxalq aləmdə tanınması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlərdən bəhs ediblər. Konfrans dos. Rafiq Rasulovun yekun sözü ilə başa çatıb.