- Details
- Dərc edilib: 10 May 2021
- Oxunma sayı: 14767
ADPU-nun Şəki filialında Vətən müharibəsində qələbəyə həsr olunmuş silsilə tədbirlər davam edir. Bu tədbirlər çərçivəsində filialda “Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik, Biz vətən naminə ölsək, dirilərdən diriyik!” adlı müsabiqə keçirilib. Müsabiqədə filialın müxtəlif ixtisaslarında təhsil alan 30-a yaxın tələbə iştirak edib. İki mərhələdə təşkil olunan müsabiqənin I mərhələsində tələbələrin 44 günlük Vətən müharibəsinə həsr edərək yazdıqları şeir, hekayə, novella, oçerklərə baxış keçirilib.
II mərhələdə isə tələbələrin Zəfər tariximizə aid çıxışları dinlənilib.
Mayın 8-də müsabiqənin yekunları ilə bağlı Microsift Teams proqramı vasitəsilə onlayn tədbir keçirilib. Filialın professor-müəllim heyəti və tələbələri iştirak edən tədbirdə hər iki mərhələ üzrə qaliblərin adı açıqlanıb.
Qeyd edək ki, I mərhələ üzrə I yerə filologiya fakültəsinin “Xarici dil müəllimliyi – ingilis dili” ixtisasının IV tədris ili tələbəsi Ağalarov Şahmuradın “Yalquzaq” hekayəsi, I yerə pedaqoji fakültənin “Təhsildə sosial-psixoloji-xidmət ixtisasının IV tədris ili tələbəsi Qiyasov Nəsiminin “Şimal sindromu” hekayəsi, III yerə filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının I tədris ili tələbəsi Həsənova Aytəkinin “Bir qazinin vətən sevgisi” hekayəsi layiq görülüb.
Müsabiqənin “Gənc vətənpərvər natiqlər” adlanan II mərhələsində isə filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının I tədris ili tələbəsi Şərifli Xədicənin “Yarım qalan məhəbbət” adlı çıxışı I yerə, pedaqoji fakültənin “Məktəbəqədər təhsil” ixtisasının I tədris ili tələbəsi Əlizadə Ləmanın “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam” adlı çıxışı II yerə, filologiya fakültəsinin “Xarici dil müəllimliyi – ingilis dili” ixtisasının I tədris ili tələbəsi Süleymanlı Elnarənin “Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik, Biz vətən naminə ölsək, dirilərdən diriyik!” adlı çıxışı III yerə layiq görülüb.
Tədbirdə müsabiqənin təşkilatçıları, tərbiyə işləri üzrə təşkilatçı, baş müəllim Xuraman Həmidova, Humanitar fənlər kafedrasının baş müəllimləri Rasimə Əhmədova, Nübar İbrahimova, qalib tələbələr çıxış edərək Vətən müharibəsində qələbəmizlə bağlı öz fikirlərini iştirakçılarla bölüşüblər.
Tədbirin sonunda filialın tədris işləri üzrə direktor müavini, fil.ü.f.d., dosent Gülarə Abdullayeva çıxış edərək müharibədə qələbəmizi şərtləndirən əsas amillərdən: Ali Baş Komandanın düzgün daxili və xarici siyasətindən, diplomatiya sahəsində əldə etdiyi uğurlardan, ordu quruculuğundan, ordumuzun qəhrəmanlığından, xalqla dövlətin sıx birliyindən danışıb. Sonda dos. Gülarə Abdullayeva müsabiqənin təşkilatçılarına təşəkkürünü bildirib və qalibləri təbrik edib.