- Details
- Dərc edilib: 05 İyun 2024
- Oxunma sayı: 3212
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 2023-2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Sessiyanın yüksək səviyyədə təşkili məqsədilə hazırlıq işləri vaxtında həyata keçirilib və hazırlığın vəziyyəti filialın Elmi Şurasının 13 may 2024-cü il tarixli iclasında müzakirə edilərək, məqbul qiymətləndirilib. İclasda Filologiya fakültəsinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, “Xarici dil müəllimliyi (fransız dili üzrə)” ixtisaslarında “Dinləmə və tələffüz” fənnindən imtahanın şifahi, digər imtahanların isə yazılı qaydada keçirilməsinə dair qərar qəbul edilib.
İmtahanlar hər gün səhər saat 9:00-da başlayır və 3 akademik saat davam edir. İmtahanlar başa çatdıqdan sonra cavab vərəqləri şifrələnir və onların yoxlanması prosesi həyata keçirilir. Yoxlanma prosesi başa catdıqdan sonra ballar hesablanaraq qiymətlər barədə tələbələrə məlumat verilir. Qiymətləndirmənin real olması və səffaflığın təmin edilməsi məqsədilə çarpaz yoxlamalardan da istifadə olunur.
Direktorun müvafiq əmrinə əsasən, imtahan sessiyasının obyektiv və şəffaf keçirilməsinin təmin olunması məqsədilə filialda İmtahan komissiyası, Apellyasiya komissiyası, İmtahan qərargahı yaradılıb, bu barədə tələbələrə məlumat verilib. Tələbələr imtahan prosesi ilə bağlı narazılıqlarını İmtahan qərargahına, qiymətləndirmədən narazı qaldıqları halda isə Apellyasiya komissiyasına müraciət edə, filialın direktorunun, fakültə dekanlarının qəbulunda ola, filialın elektron poçt ünvanına, internet səhifələrinə yaza bilirlər. Bundan əlavə, tələbələrin anonim qaydada öz rəy və təkliflərini bildirmələri üçün şərait yaradılıb. Filialın direktoru tarix üzrə fəlsəfə doktoru dosent Vurğun Məmmədov mütəmadi olaraq imtahan keçirilən auditoriyaları gəzir, imtahanların gedişinin təşkili ilə tanış olur, lazımi tapşırıqları verir, tələblərlə söhbət aparır. Görüşlər zamanı tələbələr filial rəhbərliyinə öz bilik və bacarıqlarını göstərmək üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər.
Direktor dos. Vurğun Məmmədov şifahi imtahanın gedişini də müşahidə edib və tələbələrin cavablarını dinləyib.
Qeyd edək ki, filialda imtahan sessiyası iyul ayının 5-dək davam edəcək.