Aprelin 1-də Dünya Urban Forumu ilə tərəfdaşlıq çərçivəsində Qadın Velosiped Məktəbinin nümayəndələrinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələri ilə görüşü keçirilib. Görüş zamanı iştirakçılara şəhərsalma sahəsində müasir yanaşmalar, dayanıqlı nəqliyyat vasitələrinin rolu və velosiped sürməyin sağlamlıq üçün əhəmiyyəti barədə ətraflı məlumat verilib. Xüsusilə, qızların ictimai və idman fəaliyyətlərində fəal iştirakının vacibliyi vurğulanıb, bu istiqamətdə təşəbbüslərin genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.
Tədbir çərçivəsində Dünya Urban Forumunun 11 aprel tarixində Şəki şəhərində təşkil olunacaq, 50 nəfər qızdan ibarət velosiped yürüşü barədə də məlumat təqdim edilib. Yürüşdə iştirak etmək istəyən tələbələrin qeydiyyatı aparılıb və maraq göstərənlər üçün qeydiyyatın davam etdiyi bildirilib.
Qeyd edək ki, bu cür təşəbbüslər gənclər arasında sağlam həyat tərzinin təşviqi, ekoloji şüurun artırılması və gender bərabərliyinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.