Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialına yeni qəbul olanların qeydiyyatı davam edir. Avqustun 28-dən başlayan qeydiyyat sentyabrın 06-da başa çatacaq. Filial direktorunun müvafiq əmrinə əsasən, tələbə adını qazanmış gənclərin onlayn qeydiyyatına nəzarət edilməsi və lazımi prosesdr işlərin həyata keçirilməsi məqsədilə sənəd qəbulu komissiyası yaradılıb. Komissiya hər gün (şənbə və bazar günlərindən başqa) saat 9:00-dan 18:00-dək fəaliyyət göstərir, onlayn qaydada sənədlərin uyğunluğunun yoxlanması və təsdiq edilməsi işini həyata keçirir, eləcə də qeydiyyatdan keçmə prosesində çətinlik çəkənlərə köməklik göstərir. Filialın direktoru dosent Vurğun Məmmədov mütəmadi olaraq qeydiyyatın gedişini izləyir, komissiya üzvləri ilə görüşür, lazımi tövsiyələr verir.
Qeyd edək ki, filiala 2024-2025-ci tədris ili üçün 11 ixtisas üzrə 275 plan yeri ayrılmış, qəbul planı I turda 86%, II turda 92% dolmuş, 254 nəfər qəbul olunmuşdur. 2024-2025-ci tədris ili üzrə aparılan qəbul zamanı, demək olar ki, filialın bütün ixtisaslarında keçid ballarında kəskin artım müşahidə olunub. Belə ki, qəbul aparılan əksər ixtisasların keçid balı orta hesabla 30-60 bal artıb. Filiala yeni qəbul olunanlar arasında 16 nəfər 500-dən çox bal toplayıb.