- Details
- Dərc edilib: 16 Sentyabr 2024
- Oxunma sayı: 1681
Sentyabrın 16-da respublikanın digər ali təhsil müəssisələrində olduğu kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) Şəki filialında da ilk dərs gününün başlanması münasibətilə I tədris ilinə qəbul olunmuş tələbələr və onların valideynlərinin iştirakı ilə tədbir keçirilib.
Dövlət Hümninin səslənməsindən sonra çıxış edən filialın direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Vurğun Məmmədov qeyd edib ki, 2024-2025-ci tədris ili üçün filiala 11 ixtisas üzrə 233 nəfər tələbə qəbul olunub. Direktor yeni qəbul olunan birinci tədris ili tələbələrini təbrik edib, onlara seçdikləri ixtisas üzrə təhsillərini uğurla başa vuraraq öz ixtisaslarının peşəkarı olmağı arzulayıb və bunun onların bir Azərbaycan vətəndaşı olaraq vəzifəsi olduğunu qeyd edib. ölkəmizdə təhsil sahəsində həyata keçirilən yeniliklərdən, filialın bu yeniliklərə cavab verə biləcək kadr potensialından məzunlarının uğurlarından bəhs edib.
Sonra direktor müşaviri, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov çıxış edərək tələbələrə müvəffəqiyyətlər arzulayıb və qeyd edib ki, inkişaf edən dünyanın müasir tələblərinə cavab vermək üçün hər kəs öz peşəsinə mükəmməl yiyələnməli, yeniliklərə açıq olmalı və zamanla ayaqlaşmalıdır.
Tədbirdə çıxış edənlər- elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nuralı Çələbiyev, Filologiya kafedrasının dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ulduz Mürşüdova, Pedaqoji fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru Xalidə Abdullayeva gənclərivə onların valideynlərini təbrik edib, təhsil illərində onlara uğurlar arzulayıblar.
Filiala yeni qəbul olunan tələbələr arasında müxtəlif ixtisaslar uzrə ən yüksək bal toplayan tələbələrə Fəxri Fərmanlar və filialın bir qrup tələbəsinə ictimai işlərdə fəal iştiraklarına görə təşəkkürnamələr təqdim olunub.
Görüş başa çatdıqdan sonra fakültə dekanlıqları tərəfindən yeni qəbul olunmuş tələbələr üçün filial haqqında təqdimatlar təşkil edilib.