- Details
- Dərc edilib: 16 Sentyabr 2024
- Oxunma sayı: 1596
Sentyabrın 14-də Şəki Rayon Prokurorluğunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində seminar təşkil olunub. “Yaşıl dünya üçün hüquqi yeniliklər “ adı ilə keçirilən seminarda hökumət və qeyri-hökumət təşkilatları, mediya nümayəndələri, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Tələbə Elmi Cəmiyyətinin sədri baş müəllim Səadət Feyzullayeva və tələbələr iştirak ediblər. Seminarı giriş sözü ilə Şəki rayon prokuroru Mehman Xankişiyev açaraq, cənab prezident İlham Əliyevin dövlətçilik siyasətində ekoloji xəttin həmişə diqqət mərkəzində saxlanıldığını, dövlətçiliyin möhkəmlənməsi və ekoloji siyasətə dəstəkdə prokurorluq əməkdaşlarının fəaliyyətinin əhəmiyyətini qeyd edib, prokurorluqda yaşıllığın mühafizəsi məqsədilə ağacların kəsilməsi və mineral resursların qeyri-qanuni daşınmasına qarşı mübarizə işlərinin mütəşəkkil qaydada qurulduğunu diqqətə çatdırıb. Seminarda həmçinin Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxış edərək, Şəki Rayon Prokurorluğunun mediya ilə sıx əməkdaşlığından danışıb və bunu şəffaf fəaliyyətin göstəricisi kimi qiymətləndirdiyini vurğulayıb.
Tədbirdə prokurorluğun müxtəlif strukturlarının nümayəndələri çıxış edərək, 2024-cü ildəki fəaliyyətləri, cinayət törədənlərin ifşa olunmaları və s. haqqında məlumat veriblər.
Seminarın sonunda prokurorluq əməkdaşlarının həyatına həsr edilmiş “Valideyn peşəsi” adlı film nümayiş etdirilib.
Seminar başa çatdıqdan sonra tədbirin “Açıq qapı” adlı hissəsində Şəki rayon prokuroru Mehman Xankişiyev və Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov tərəfindən ictimaiyyət nümayəndələrinin prokurorluğun yeni tikilib istifadəyə verilmiş binası, strukturları, onların fəaliyyəti ilə tanışlığı təşkil edilib.
Şəki Rayon Prokurorluğunun əməkdaşları Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Azərbaycan prezidenti cənab İlham Əliyevin alternativ enerji siyasətinə göstərdiyi dəstəkdən və bu dəstəyin dövlətçiliyin möhkəmlənməsi üçün vacibliyindən bəhs ediblər.
Şəki şəhər prokurorunun köməkçisi Amil Yaqubov 171 ölkənin imzaladığı Paris Sazişi, Azərbaycanın yaşıl dünya naminə götürdüyü öhdəliklər haqqında məlumat verib.
Sonra tədbir iştirakçıları prokurorluğun həyətində quraşdırılmış günəş paneli, yaşıllıq və ekosistemin yenilənməsi işləri ilə tanış edilib.
Sonda xatirə şəkilləri çəkilib.